Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil
|

Ağdaş

Ağdaş rayonunda 68 ümumtəhsil məktəbi, 30 məktəbəqədər və 3 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Ümumtəhsil məktəblərndən 41-i tam orta, 18-i ümumi orta, 9-u ibtidaidir. Ağdaşda M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar təmayüllü Gimnaziya, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi və Uşaq Gənclər İdman Məktəbi fəaliyyət göstərir.
Ümumtəhsil məktəblərində çalışan 2330 müəllimdən 1285 nəfəri ali təhsilli, 1045 nəfəri pedaqoji orta təhsilli, 6 nəfəri respublikanın əməkdar müəllimi, 2 nəfəri Azərbaycan Respublikasının "Təhsil Əlaçısı" döş nişanına, 5 nəfəri respublikanın "Tərəqqi" medalına layiq görülmüşdür.
Məktəblərin 29-u, məktəbəqədər tərbiyə müəssisələrinin 11-i birtipli layihə əsasında tikilmiş binalarda yerləşir. Bu müəssisələrdə laboratoriyalar, kabinet, əyani və texniki vasitələr, kompüter kabinetləri vardır.
2011- ci ildə respublikanın ali məktəblərinə qəbul olan 238 nəfərin 51 nəfəri 500- dən yuxarı, o cümlədən 13 nəfəri isə 600- dən yuxarı bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011- ci il tarixli, 1581 nömrəli Sərəncamı ilə Ağdaş rayonu M.Şeyxzadə adına TTH təmayüllü gimnaziya və S.Vurğun adına 1 saylı şəhər tam orta məktəbi 2010- 2011- ci tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Rayonun S.Vurğun adına 1 saylı şəhər tam orta məktəbi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi "Səmərəli məktəb" layihəsinə qoşulmuşdur.
Rayon üzrə 16 məktəb - 12 tam orta, 4 ümumi orta məktəb olmaqla lokal internet şəbəkəsinə qoşulmuşdur.

Ağdaş rayon Uşaq Gənclər Şahmat Məktəbi

Ağdaş şəhər Şahmat Məktəbi 1990- cı ildən fəaliyyət göstərir. Şahmat məktəbinin əsas vəzifəsi şahmatı şagirdlər arasında təbliğ etmək, idmanın bu növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Hal- hazırda şahmat məktəbində 17 qrup fəaliyyət göstərir. Məktəbin 204 şagirdinin təlim- tərbiyəsi ilə 24 müəllim çalışır. Şahmat məktəbinin şagirdləri Respublika daxili yarışlarında iştirak edərək nailiyyətlər əldə etmişlər. 2005- ci ildə Zaqatala şəhərində keçirilən şahmat turnirində Əmirli İsmayıl 8 yaşlılar arasında I yeri tutmuşdur. 2007- ci ildə İsmayıllı rayonunda zona birinciliyində 16 yaşlılar arasında İsmayılzadə Ülvü III yeri tutmuşdur. 2008- ci ildə Bakı şəhərində keçirilən Şahmat turnirində Məmmədov Həsrət III yeri, 2008- cil ildə Ucar rayonunda Respublika turnirində Cəbiyev Elnur II yeri, 2010- cu ildə Zaqatala şəhərində zona birinciliyində Salehov Kənan öz yaş qrupu üzrə III yeri tutmuşdur. 2011- ci ildə Bakı şəhərində Respublika Şahmat turnirində Mirzəliyev Sadiq və Nəsibzadə Fəridə fəal iştirak edərək III yeri tutmuşlar. 2012- ci ildə Bakı şəhərində şahmat turnirində Musayev Murad 8 yaşlılar arasında III yeri tutaraq Təhsil Respublika İdman Mərkəzinin diplom və hədiyyələrinə layiq görülmüşdür.

Uşaq Yaradıcılıq Mərkəzi

Müəssisədə 16 qrup fəaliyyət göstərir. əksər qruplar şəhər məktəblərində fəaliyyətini qurmuşdur. Müəssisədə 13 adda dərnək fəaliyyət göstərir (mahnı, xor, dərzilik, toxuculuq, bədii qiraət, tennis, rəsm, otaq bitkisi, informatika, bitkilər aləmi, bədii tikiş, nağara, qarmon, bitkiçilik). Bu dərnəklərdə ali və pedaqoji orta təhsilli kadrlar rəhbərlik edirlər. Rəsm dərnəyinin üzvləri 2011-ci ildə zona üzrə "Gəmi" modeli düzəldərək 1-ci yeri, dərzilik dərnəyinin üzvü 2012-ci il "Milli gəlinlik paltarı" əl işində 3-cu yeri tutmuşdur.
Dərnəklər rayon və respublika tədbirlərində iştirak etməklə, fəaliyyətlərini əsasən şagirdlərin maraqları əsasında qurmuşlar.

Ağdaş Dövlət Humanitar Kolleci

Ağdaş Dövlət Humanitar Kolleci 1928-ci ildən 1932-ci ilə qədər Ağdaş Qızlar Məktəbi, 1932-ci ildən 1984-cü ilə qədər Ağdaş Pedaqoji Məktəbi, 1984-ci ildən 2002-ci ilə qədər Ağdaş Pedaqoji Texnikumu kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və bu qərarla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin " Orta ixtisas təhsili müəssisələrinin bazalarında yeni növ təhsil müəssisələrinin yaradılması barədə" 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmrinə əsasən Ağdaş Pedaqoji Texnikumu Ağdaş Dövlət Humanitar Kolleci adlandırılmışdır.
Ağdaş Dövlət Humanitar Kollecində illik təhsil rüsumu 500 manatdır. Hazırda Kollecdə 124 müəllim işləyir,1400 tələbə təhsil alır.
Ağdaş Dövlət Humanitar Kollecində (əyani və qiyabi təhsil) 2 şöbə vardır:
1) Pedaqoji şöbə 2) Humanitar şöbə
Ağdaş Dövlət Humanitar Kollecində "İbtidai sinif müəllimliyi", "İngilis dili", "Texnologiya müəllimliyi", "Ailə və ev təhsili", "Fiziki tərbiyə müəllimliyi" , "Təsviri incəsənət müəllimliyi", "Məktəbəqədər təlim və tərbiyə", "Yol hərəkətinin təşkili",
"Maliyyə işi", "Mühasibat uçotu və audit" ixtisasları üzrə kadr hazırlanır.

Ağdaş Peşə məktəbi.

Ağdaş Peşə məktəbi 1974-cü ildən Ağdaş 132 saylı kənd peşə məktəbi kimi fəaliyyətə başlamış, 1977-ci ildə kənd orta texniki peşə məktəbi 1996-cı ildən isə Ağdaş Peşə məktəbi statusu altında fəaliyyət göstərir. Məktəb Heydər Əliyev prospekti 67 ünvanda Ağdaş Hümanitar kollecin nəzdində fəaliyyət göstərən Kənd təsərrüfatı texnikumun 3-cü mərtəbəsində yerləşir. Məktəbdə avtomobilin təmiri üzrə cilingər, elektrik qaz qaynaqçısı, biçici, biçim avadanlığı operatoru, tikiş, tikiş avadanlığı operatoru, əməliyyatcı mühasib,kompüter üzrə operator, qadın bərbəri və manikürçü, elektrik sayğaclarının istismarı üzrə elektrik mantyoru və enerji nəzarətçisi ixtisasları üzrə peşələr öyrədilir. Məktəbdə təhsil alan 210 şagirdin təlim- tərbiyəsi ilə 11 istehsalat təlimi ustası, 20 müəllim və 12 texniki işçi məşğul olur. Məktəbdə təhsil əsas təhsil bazasından 2 il, orta təhsil bazasından isə 1 ildir.