06.02.2018
Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı kəsb edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur.Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur.
Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır. Bu sözlər 2 Fevral 2018-ci il tarixdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Vətənpərvərliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən tədbirdə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyevanın giriş nitqində səsləndi.
Tədbirdə DQİDK Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, MKS-nin 38 və 37 saylı şəhər, Alıcanlı-1, Otmanoba kənd kitabxana filialları və Zərdabi Muzeyinin əməkdaşları, 2 saylı məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edirdilər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov öz çıxışında tarixi nailiyyətlərimizdən, qələbələrimizdən bəhs edərək ruhani kəsimin, dini inanclı insanların xalqımızı tarixi uğurlara aparan yolda mötəbər rolunu, xidmətlərini geniş şərh etdi. Natiq qeyd etdi ki, dövlət bu gün də azadlığımızın və suverenliyimizin qorunması, cəmiyyətin, xüsusilə gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində ruhani təbəqəsinə, dini icmalara böyük etimad göstərir. Diskussiya şəraitində keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.