Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Neftçala rayonu olub.

13.04.2019

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Neftçala şəhərinin Heydər Əliyev Mərkəzində keçirilib.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də iştirak edib.

İki hissədən ibarət olan “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Yaradıcılıq festivalı sərgiyə gələn balaca ziyarətçilərinin də zövqünə oxşaya bilib. Festival iştirakçıları uşaqlar üçün sərbəst janrda bədii kompozisiyalar da hazırlayıblar. Buna misal olaraq Milli Qəhrəman Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Cırtdan Kukla Teatrının “Kilimarası” tamaşasını misal çəkmək olar.

Bundan başqa, festival çadırlarının ətrafında milli geyimli xanımların nümayiş etdirdikləri sacda yuxa bişirilməsi, yun əyirilməsi, corab toxuması kimi milli məişət həyatımıza xas olan elementlər nümayiş etdirilib.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının konsert proqramında bölgələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışları yer alıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.