31.03.2019
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub.
Əsil mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar.
Lahıc ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, Basqal kəlağayıları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, muncuqlardan hazırlanmış bəzək əşyaları, Xaçmaz bölgəsindən olan daşyonanların adi çay daşları üzərində həkk etdikləri dahi şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi ölçülü şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, təkəlduz sənəti nümunələri, həmin bölgəyə aid şirniyyatlar, biləsuvarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti, Masallı regional idarəsi tərəfindən təqdim olunan, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb. Bundan başqa digər regional idarələr tərəfindən dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərlər, qiymətli əl işləri pavilyonlarla tanış olan festival iştirakçılarında zəngin təəssürat yaradıb.
Sonra Mədəniyyət Nazirliyinin 16 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Konsertdə müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edib, təqdim etdikləri musiqilərlə simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şəhər sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.