Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kimlər köçdü bu dünyadan”

24.11.2017

             24 noyabr 2017-ci ildə Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında mərhum şair Mirdamət Əzizin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi. Əvvəlcə Mirdamət Əzizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra MKS-nin direktoru Seyfəddin Feyzullayev  gecəni giriş sözü ilə açaraq Mirdamət Əzizin həyatı və yaradıcılıq fəaliyyəti barədə məlumat verdi. O qeyd etdi ki, Ağdaş torpağının yetirməsi, istedadlı şair Mirdamət Əzizin üç  adda kitabı nəşr olunmuşdur. “Cavab məktubu”. “Qaranlığa düşən işıq”, “Gözəl çöhrələrdən açılır səhər”. Dördüncü kitabı isə yaxın günlərdə işıq üzü görəcəkdir. Yazıları dövrü mətbuatda, xüsusulə “Ağdaş” qəzetində çap olunur, televiziya və radio vasitəsilə səsləndirilir. M.Əziz 1999-cu ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, 2005-ci ildən isə Birliyin Şirvan bölməsinin sədri olmuş, 2009-cu ilin Prezident təqaüdçüsüdür. S.Feyzullayev M.Əzizin kitablarından söz açaraq bildirdi ki, şairin yaradıcılığında lirik-fəlsəfi notlar üstünlük təşkil edir. Təbiət, məhəbbət, insan gözəlliyi, vətən, torpaq, həyat haqqında düşüncələri Mirdamət müəllimin şeirlərinin əsas leytmotividir.

   Tədbir iştirakçıları bədii qiraət ustalarından: Məhər  Quliyev,  Camal Xəlilov,  oxuculardan: Sevgili İbrahimova, Tahilə Məmmədova, Səbinə   Lətifova, Sevinc Məmmədova şairin şeirlərindən nümunələr söylədilər. “Ərəş” poeziya klubunun üzvləri  şairlərdən:  Fəxrəddin Əsəd, Kamil Sabiroğlu, Möhlüd Hacıxanov, Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi İlqar Vəliyev öz çıxışlarında M.Əzizin yaradıcılığı barədə öz fikirlərini bildirdilər və xatirələrini danışdılar. Şairin ailə üzvlərindən qardaşı Əvəz Əzizov, həyat yoldaşı Sevil Əzizova və oğlu Emil Əzizov tədbir iştirakçılarına  öz təşəkkürlərini bildirdilər.

  Sonda tədbir iştirakçıları “Heç kəs unudulmur” başlıqlı sərgi ilə tanış oldular.