Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Poeziyamızın fatehi” adlı tədbir keçirilib.

13.03.2019

12 mart 2019-cu il tarixdə Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq Sərəncamlara əsasən “Poeziyamızın fatehi“ adlı poeziya gecəsi keçirilib.

         Tədbiri giriş sözü ilə açan rayon MKS-in direktoru Seyfəddin Feyzullayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunmasının bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdiyini bildirib. O, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin,xüsusilə  poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.

          Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, XX əsrin 70-ci illərində Nəsimini Azərbaycana və dünyaya tanıdan ulu öndər Heydər Əliyev olub. Onun xeyir-duası ilə Azərbaycanda, bir sıra xarici ölkələrdə, hətta UNESCO-da Nəsiminin yubiley tədbirləri keçirilib, onun adı institut, küçə və meydanlara verilib, Bakıda heykəli qoyulub, haqqında bədii film çəkilib.

       Sonra kitabxananın əməkdaşı Vüsalə Məmmədova şairin “Hardasan” qəzəlini deyib.

       Tədbirdə 2018-ci ildə Nəsiminin vəfatının 600 illik yubileyi ilə əlaqədar Ağdaş rayon Mərkəzi kitabxanasında keçirilmiş şeir müsabiqəsində fərqlənən iştirakçılar; 2 saylı Nizami adına orta məktəbin şagirdləri Hüseynova Nazlı “Mövsümi novruzu”, Abdullayeva Gülnur “Ayrılır”, Bayramova Şəbnəm “Könlüm”, 3 saylı beynəlmiləl orta məktəbin şagirdləri Dadaşzadə Fidan “Sığmazam”, Bayramova Türkan “Etməgil”, 1 saylı Səməd Vurğun adına orta məktəbin şagirdi Sadıqova Qönçə “Ağrımaz” qəzəllərini söyləyiblər.

      Tədbir böyük şairin həyat və yaradıcılığını əks etdirən filmin nümayişi ilə davam edib.      Sonda “2019-cu il Azərbaycanda “Nəsimi ili”dir adlı sərgiyə baxış keçirilib.