Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənimin Bayraği Qarabağda Dalğalansin”

08.11.2017

07.11.2017-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ”VƏTƏNİMİN BAYRAĞI QARABAĞDA DALĞALANSIN” mövzusunda bayram tədbiri keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən, kəsb etdiyi mənalardan danışdı. Diqqətə çatdırdı ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan üçrəngli bayrağımız, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunub. K.Rəhimova bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanması, ölkəmizin bütün bölgələrində bayraq meydanlarının inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.
Sonra Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova çıxış edərək bildirdi ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. X.İmanova öz çıxışında qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, müqəddəs missiyasını şərəflə yerinə yetirir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq. Xanım İmanova çıxışının sonunda bütün azərbaycanlıları bayram münasibətilə təbrik edib və tezliklə zəfər bayrağımızın Şuşada, Ağdamda, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.
Tədbirdə rayon 1 saylı məktəb-litseyin şagirdlərinin hazırlayıb nümayiş etdirdikləri kompozisiya hər kəsi riqqətə gətirdi.
Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr olunmuş video-çarx nümayiş olundu.