19.02.2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il - Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən 19.02.2019 –cu il tarixində Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə Həsən bəy Zərdabi adına rayon 1 saylı lisey məktəbdə “Xocalı – tarixin silə bilmədiyi yaddaş” mövzusunda tədbir keçirilib.Tədbirdə ilk əvvəl cənab prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncam iştirakçıların diqqətinə çatdırılıb.Daha sonra Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzin əməkdaşı İmanova Xanım “Xocalı – tarixin silə bilmədiyi yaddaş” mövzusunda məruzə ilə çıxış edib. Natiq öz çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 27 il ötdüyünü və bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olduğunu vurğulayıb. O cümlədən bildirilib ki, 27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalıb, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Daha sonra 1 saylı lisey məktəbin müəlliməsi Sədayə xanım bildirib ki, indi bütün dünya ictimaiyyəti bilir ki,1992 - ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb. Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyətinə çatdırıldı ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji tədliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.
Sonra tədbirdə iştirak edən Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filial kitabxanasının kitabxanaçısı Fatma Muradova bir şəhid ailəsi olaraq geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almadığını bildirib. Eləcə də Ağdaş Regional Mədəniyyət İdarəsinin müvafiq əmrinin icrası ilə əlaqədar olaraq faciə ilə olaraq kitabxanalarda və digər mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirildiyini və Xocalı faciəsini özündə əks etdirən foto – güşələr, sərgilər hazirlandığını qeyd edib.
Tədbirin sonunda məktəblilərin ifasında “Xocalı qisasa səsləyir bizi” adlı kompazisiyası təqdim olunub.
Tədbirdə eyni zamanda “Sözün bitdiyi yer” başlıqlı sərgi nümayiş olunub.