31.10.2018
Uşaq hüquqları aylığı çərçivəsində 31 oktyabr 2018-ci ildə Göyçay rayon Rəsul Rza ev muzeyində “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə şəhər 4 saylı uşaq bağçasının müəllim və uşaq kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan muzeyin baş fond mühafizi Həmid Hüseynov qonaqları salamlayaraq, keçirilən tədbirin mahiyyəti haqqında qısa məlumat verərək mövzu ilə bağlı çıxış üçün sözü muzeyin bələdçisi Ağayeva Gülnara vermişdir. Natiq məruzəsində qeyd etmişdir ki, hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilmişdir. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Uşaqlara qarşı zorakılıq üzrə dünya hesabatına görə hər il milyonlarla uşaq məcburi əməyə məruz qalır, istismar edilir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur. Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Tədbirdə 4 saylı bağçanın müdiri də çıxış edərək mövzuya münasibətini bildirmişdir.
Sonda bağça uşaqları Azərbaycana həsr olunmuş şeirlər söyləmiş, Azərbaycan Dövlət Himnini ifa etmiş və muzeylə tanış olmuşlar.