Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Açıldı mücrü,örtüldü mücrü...”

24.10.2018

19 oktyabr 2018-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasının 95 illiyi ilə əlaqədar “Açıldı mücrü,örtüldü mücrü...”adlı poeziya saatı keçirildi.

Tədbiri Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova açaraq, Gülhüseyn Hüseynoğlunun yaradıcılığı haqqında məlumat verərək bildirdi: Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir. Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şerin ilk və dəyərli nümunələrini yaradıb. Yaradıcılığa "Ana” adlı ilk hekayə və "Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir. Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Bahar Fətəliyeva çıxış edərək,qeyd etdi ki, mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan "Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.

 

Uşaq şöbəsinin müdiri İlahə Əsədova Gülhüseyn Hüseynoğlunun “Mücrü” mənsur şeirini oxudu.

 Mərkəzi Kitabxananın əməkdaşları: Şəlalə Abdullayeva,Lalə Niftalıyevada  Gülhüseyn Hüseynoğlunun  digər mənsur şeirlərini iştirakçıların diqqətinə çatdırdılar.