18.09.2018
18 Sentyabr 2018-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər Uşaq Musiqi Məktəbində Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açmış, bəstəkarın ad günü münasibətilə ölkəmizdə,o cümlədən Ağdaş rayonunda silsilə tədbirlərin keçirildiyini vurğulamışdır.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev çıxış edərək Üzeyir Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirmiş,dahi bəstəkarın yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırmışdır.O eyni zamanda bildirmişdir ki,1995-ci ildə Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18- sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Fərmana uyğun olaraq hər il respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər, festivallar təşkil olunur.Bu il də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulmuşdur.Tahir Əliyev çıxışının sonunda uşaq musiqi məktəblərinin müəllim və şagird kollektivinə yeni dərs ilində uğurlar arzulamışdır.
Rayon icra hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov,Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov,Ağdaş rayon Mərkəzi Kitabxanasının direktoru Seyfəddin Feyzullayev öz çıxışlarında konsertdən mənəvi zövq aldıqlarını vurğulamış və belə bir tədbiri hazırladıqları üçün məktəbin kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.
Məktəbin qarşısında,açıq səma altında təşkil olunmuş tədbirdə Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin,Xalq Çalğı Alətləri ansamblının eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilmiş,məhşur “O olmasın bu olsun” əsərindən səhnəcik nümayiş etdirilmişdir.
Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri ,ziyalılar və rayon məktəbliləri iştirak etmişlər.