Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar faciəsindən 34 il ötür

20.01.2024

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir.

Şəhid ailə üzvlərinin, qazilərin, rayon ictimaiyyətinin, məktəblilərin, idarə, müəssisə və təşkilatların, mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə faciə qurbanlarının xatirələri yad edilmiş, kitablardan və rəsmlərdən ibarət sərgilər yaradılmış, 20 Yanvar həqiqətlərini əks etdirən videoçarxlar, filmlər, kompozisiyalar nümayiş etdirilmişdir.

Qeyd edilmişdir ki, 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olmaqla yanaşı, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermişdir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki 2020-ci ildə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.