14.07.2023
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başa çatıb.
12 iyulda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə festivalın ikinci seçim mərhələsi yekunlaşdırılıb. İyulun 3-də başlayan ikinci mərhələdə Regional İdarənin əhatə etdiyi Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından və Mingəçevir şəhərindən qeydiyyatdan keçərək festivalın birinci mərhələsində uğurlu nəticə əldə etmiş uşaqlar iştirak ediblər.
İki məntəqədə, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi və Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən festivalın ikinci mərhələsində iyulun 10, 11, 12-si tarixlərində Azərbaycan xalq çalğı alətləri ifaçılığı, dekorativ tətbiqi sənət, rəssamlıq və rəqəmsal incəsənət nominasiyaları üzrə çıxış edən iştirakçılar öz istedadlarını nümayiş etdiriblər.
Ümumilikdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə festvalın ikinci mərhələsində fərdi qaydada 484 nəfər, qrup olaraq 29 kollektiv iştirak edib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq həyata keçirilən festivalın əsas məqsədi, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.
Xatırladaq ki, üç turdan ibarət, 22 nominasiyada peşəkar və həvəskar olmaqla üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivalın birinci turu aprel-iyun aylarında keçirilib.