Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muzeylər sizin bir addımlığınızda” adlı layihəyə start verilib.

02.05.2023

Muzeylər maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsidir.

Müasir dövrümüzdə muzey əşyalarının əhali üçün əlçatan olması, cəmiyyət arasında muzeylərə marağın artırılması ən vacib problemlərdən biridir. Bir çox hallarda vaxt azlığı, bir çox yaşayış məntəqələrinin rayon mərkəzindən uzaqda olması kənd əhalisinin, kənddə yaşayan məktəblilərin muzeyə gəlməsinə çətinlik yaradır.

Bunu nəzərə alaraq Ucar Tarix-Diyarşünaslıq Muzeyi “Muzey sizin bir addımlığınızda” layihəsinə start verib. Layihənin əsas məqsədi muzeyin əsas fondunda toplanmış əşyaların rayonun ucqar kəndlərində nümayiş etdirilməsi və beləliklə, daha çox əhalinin rayon muzeyi, burada toplanmış əşyalar haqqında məlumat əldə etməsidir. 

Layihə çərçivəsində ilk sərgi 28 aprel 2023-cü il tarixində baş tutub. Muzeyin əsas fondundan ən maraqlı və unikal əşyalar Ucar rayon Rəstəcə kənd orta məktəbində nümayiş etdirilib. Tamaşaçılar nümayiş olunan əşyalar, onların tarixi haqqında ətraflı məlumat alıblar.