Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azad Respublika, adın mübarək!”

29.05.2018

           25 may 2018 –ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100 illik yubileyi münasibətilə  “Azad Respublika, adın mübarək!”  adlı tədbir keçirildi. Tədbir kitabxananın həyətində təçkil edilmişdi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Sevgili İbrahimova açaraq məlumat verdi ki, bu il respublikamızın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Bu tarixi gündə Müsəlman Şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

           Kitabxananın işçisi Sevinc Məmmədova öz məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin –Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun,  Əliağa Şıxlinski və başqalarının böyük xidmətlərindən danışdı. O,  qeyd etdi ki, bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

           Sonra şəhərdəki  THT təmayüllü Gimnaziyanın 3-cü sinif şagirdlərinin ifasında  Azərbaycanımıza,  Bayrağımıza həsr olunmuş şeirlər səsləndirildi. Qocayev Osmanın ifasında “Azərbaycan” şeiri tədbir iştirakçılarına xoş təsir bağışladı.

          Daha sonra şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan” adlı rəsm sərgisinə baxış- müsabiqə keçirildi. Uşaqlar çəkdikləri rəsmlərdə doğma Azərbaycanımızı,  xəritəmizi, bayrağımızı, gerbimizi və aydın səmanı tərənnüm etməyə çalışmışlar. Mətanət, Gülay və Nəzrin müsabiqənin qalibləri seçildilər. Qaliblərə hədiyyələr verildi.

          Tədbirin sonunda “AXC-1918-2018” və “Milli qürur günümüz-28 May” adlı sərgilərlə tanışlıq oldu.