25.05.2018
Bu gün Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN MİLLİ DÖVLƏTÇİLİK TARİXİMİZDƏ ROLU - ƏBƏDİ CÜMHURİYYƏT” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Gənclər və İdman idarəsinin eləcə də Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşları və rayon 1 saylı məktəb-liseyinin 2-ci sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq bildirdi ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman şərqinin mayakına çevrildi. 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyət cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan verdi. Könül Rəhimova AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. Belə tədbirlərdən birinin bu gün Zərdab rayon Heydər Əliyev Mərkəzində baş tutduğunu deyən Könül xanım bu tarixi günün əhəmiyyəti barədə məlumat verib. O, AXC-nin tarixindən danışıb, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.
Daha sonra Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov çıxış edərək bir məqamı xüsusi olaraq qeyd etdi ki, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan, böyük siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu Öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirdiyini bildirdi.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artıq dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, iqtisadi cəhətdən inkişaf etməkdə olan bir dövlətə çevrildiyini və bu gün respublikamızda dövlətçilik ənənələrinin ləyaqətlə qorunaraq gələcək nəsillərə ötürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda 1 saylı məktəb-liseyin şagidləri “MÜSTƏQİLLİYİMİZ DÖNMƏZDİR, ƏBƏDİDİR, DAİMİDİR” adlı kompazisiya ilə çıxış etdilər.