Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir.

25.05.2018

     24 may 2018-cı il tarixdə  Ağdaş rayon  MKS-nin oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100 illik yubileyi münasibətilə “ Bir kərə yüksələn bayraq bir daha enməz”  adlı tədbir keçirildi.

Əvvəlcə   Azərbaycan Dövlət Himni səsləndirildi .

    Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon MKS-nin direktoru S.Feyzullayev Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin çox gözəl bir addım olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, istiqlal uğrunda mübarizə aparıb, 1918-ci ildə qurulan Cümhuriyyət bu mübarizənin nəticəsi olan tarixi bir nailiyyətdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir.     

   Mərkəzi kitabxananın işçisi Vüsalə Məmmədova “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu”  mövzusunda  məruzə ilə  çıxış etdi. O, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair “İstiqlal bəyannaməsi”nin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin ləğv olunduğunu söylədi.

     Tədbir boyu Mərkəzi kitabxananın İnformasiya- Resurs  şöbəsinin AXC-nin 100 illiyinə hazırladığı slayd və video-carxlar  nümayiş etdirildi. Nizami adına şəhər orta məktəbin şagirdləri  AXC-yə, Vətənə, xalqa həsr olunmuş şeirlər  səsləndirdilər

   Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlud Hacıxanov, “Ağdaş” qəzetinin redaktoru Tofiq İsmioğlu, təhsil işçiləri,  rayon Mədəniyyət mərkəzinin,  muzeylərin əməkdaşları və ictimaiyyətin nümayəndələri  iştirak edirdi.

     Möhlud Hacıxanov çıxışında vurğuladı ki,  bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunu və iqtisadi qüdrətini daha da artırır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini qoruyub saxlayır, həm də onu daha da möhkəmləndirib və dünyanın ən önəmli ölkələrindən birinə çevirib.

       Tədbir “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı sərgiyə baxışla davam etdi. Sərgi böyük marağa səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyətinin tarixini  əks etdirən materiallar sərgidə  nümayiş etdirilirdi

      Ağdaş Rayon MKS- nin direktoru S.Feyzullayev yekun sözündə  tədbir  iştirakçılarını  AXC-nin 100 illik yubileyi  münasibətilə  təbrik etdi.