Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdabda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

24.05.2018

Mayın 24-də Zərdab rayonu Mərkəzi Kitabxanasında 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərdab rayon MKS-inin direktoru Nailə Əliyeva, DQİDK Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Sədi Hüseynov, müəllimlər, mədəniyyət işçiləri, valideynlər və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Zərdab rayonu MKS-inin direktoru Nailə Əliyeva açaraq qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və nüfuzlu dövlətlər tərəfindən qəbul edilən Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir.   

  Daha sonra çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu 23 aylıq fəaliyyəti dövründə dövlət-din münasibətləri haqqında məlumat verib. Natiq milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq, ölkəmizin gələcək inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

        Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Gülüstan Rəhimova, Gülzar Qasımova, Rəqibə Qasımova, İlahə Əsədova, Cəmalə Feyzullayeva, Həsən Bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva, 34 saylı şəhər kitabxana filialının əməkdaşı Laçın Abdullayeva, 36 saylı şəhər kitabxana filialının əməkdaşı İlhamə Qəribova və başqaları  çıxış edərək Azərbaycan Xalq Cumhuriyyəti  ilə əlaqədar öz fikirlərini bildirib, yubiley ilə əlaqədar görülən işlər haqqında məlumat veriblər.

     Tədbirin sonunda diskussiya təşkil olunub, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.