Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ-100

23.05.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamına əsasən Cümhuriyyətin 100 illiyi ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi silsilə tədbirlər həyata keçirirlər.Silsilə tədbirlər çərçivəsində Zərdab rayon Heydər Əliyev Mərkəzi ilə Dəkkəoba kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “ Heydər Əliyev Cümhuriyyət ideyalarını həqiqətə çevirən ümummilli liderdir” mövzusunda tədbir keçirdilər.Keçirilən bu tədbirlərin məqsədi cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını gənc nəslə daha ətraflı çatdırmaqdı. Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu .
XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşduğunu bildirdi.
Tədbiri giriş sözü ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu gün xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi olaraq qeyd etdi. bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi bir sıra səciyyəvi cəhətləri özündə birləşdirir. Əvvəla, hər yeni ilin müəyyən bir sahə, amil üzərində köklənməsi, onun adı ilə bağlı elan olunması artıq ənənə halını alıb. 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi də bu ənənənin davamıdır. Xatırladım ki, 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili» elan edilməsi xalqımızın və dövlətimizin dünyəvi dəyərlərə sadiqliyinin, eləcə də dünyada sivilizasiyalararası dialoqun güclənməsinə bir çağırış idi. Həmçinin, 2017-ci ilin «İslam həmrəyliyi ili» elan olunması da böyük əhəmiyyət kəsb edirdi. Bu qərar Azərbaycanın bütün dünyada İslam həmrəyliyinə, müsəlman dövlətləri arasında əməkdaşlığın güclənməsinə xidmət etdi.
Daha sonra Zərdab rayon Heydər Əliyev Mərkəzinin Fond mühafizi Nicat Əhmədzadə “ Heydər Əliyev Cümhuriyyət ideyalarını həqiqətə çevirən ümummilli liderdir” mövzusunda məruzə ilə çıxış etdi.Məruzədə 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Məmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsasını qoydular. Bu amil Azərbaycan xalqının milli dövlətçiliyə və demokratik dəyərlərə bağlılığının tarixi ənənələrinin mövcudluğundan xəbər verir. Təəsadüfi deyil ki, biz bu gün müstəqilliyimizin bərpasından danışırıq, yəni 1920-ci ildə itirilmiş müstəqilliyimiz 1991-ci ildə yenidən bərpa olunub. Yeni tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ölkəmizin Sovet İttifaqı tərkibində məhz müttəfiq respublika kimi yer tutmasını təmin edən başlıca amil kimi çıxış edir.
Nicat Əhmədzadə məmnunluq hissi ilə vurğuladı ki, müstəqilliyin bərpası məsələsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi və müstəsna rolu var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Bu mənada, Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa edilməsini, milliləşdirmə siyasətinin uğurla həyata keçirilməsini, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılmasını, Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılmasını da xüsusi qeyd etmək lazımdır. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu, öz müstəqilliyini qoruyub saxladı.
Qonağı olduğumuz Dəkkəoba kənd məktəbinin tarix müəlliməsi İsmayılova Maisə tədbir iştirakçılarına Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin
elan olunması üçün mücadilə etdiklərini bildirdi. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin, Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövlətinin həmin tarixlə qürur duyduğunu bildirdi.
Sonda şagirdlərlə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sorğu-söhbət keçirildi.