05.04.2018
03.04.2018-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi və rayon 4 saylı orta məktəbin müəllim və şagirdlərinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun Aprel döyüşləri zamanı qazandığı qələbənin orta məktəb şagirdləri arasında necə təbliğ olunduğunu öyrənmək və onlara bu barədə məlumat vermək məqsədi ilə “HARADA VƏTƏN VAR, ORADA ŞƏHİDLİK, QƏHRƏMANLIQ VAR” mövzusunda tədbir hazırlanıb, həyata keçirilib.
Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.
Tədbirdə məktəbin direktoru Təhminə Cəfərova çıxış edib. Aprel döyüşlərinin təbliği ilə bağlı məktəbdə mütəmadi olaraq tədbirlərin keçirildiyini qeyd edən direktor, dərs prosesində də şagirdlərə vətənpərvərlik mövzusunda, xüsusi ilə Aprel döyüşləri ilə bağlı məlumat verildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsi ilə vətənpərvərliyin təbliği işinə töhfə verilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç zaman barışmayacaq. Evdə valideynlər, məktəbdə müəllimlər şagirdlərə vətənpərvərlik hisslərini aşılamalıdır. Azərbaycan gənci könüllü şəkildə cəbhəyə getmək istəyirdi. Biz Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdik, - deyə Könül xanım əlavə edib.
Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.
Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirdə aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib.