Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Milli Musiqi Günü təntənəsi

18.09.2024

Sentyabrın 18-də adını Azərbaycanın musiqi mədəniyyətinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 139-cu ildönümü tamam olur. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.

Xatırladaq ki, 1995-ci il sentyabrın 18-də Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il bu tarixin “Üzeyir musiqi günü” kimi qeyd olunması haqqında fərman imzalayıb.

Bu münasibətlə Mingəçevir şəhərində və Ağdaş, Kürdəmir rayonlarında Milli Musiqi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Çıxış edənlər, dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixindəki rolundan bəhs ediblər.

Heydər Əliyev Mərkəzlərində və mədəniyyət mərkəzlərində baş tutan tədbirlər zamanı musiqi mədəniyyətinə həsr olunmuş rəsm və kitab sərgiləri, musiqi məktəblərinin müəllim kollektivinin və şagirdlərinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilib.

Daha sonra “Arşın mal alan” kinofilminə baxış keçirilib.

Tədbirlərdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, dövlət orqanlarının və təşkilatların nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.