Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

III Regional Xor müsabiqəsinə Qala konsert ilə yekun vurulub.

16.05.2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan!” adlı III Regional Xor Müsabiqəsinin mayın 16-da Saatlı rayon Mədəniyyət Mərkəzində Qala konserti keçirilib.

III Regional Xor müsabiqəsində hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivi uğurla iştirak edib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar müəllim Aqil Qafulov təmsil olunub.

Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional Mədəniyyət İdarənin rəisi Faiq Xudanlı, müsabiqənin münsiflər heyətinin üzvləri, regionun idarə və təşkilatlarının rəhbərləri, tanınmış mədəniyyət adamları, rayon ictiamiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı gələn qonaqları salamlayaraq müsabiqədə qalib olmuş xor kollektivlərini təbrik edib.

Tədbirin konsert hissəsində qalib olan xor kollektivlərinin, uşaq musiqi və incəsənət məktəblərinin uşaqlardan ibarət xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda Saatlı rayon “Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub.

Qala konsertinin mükafatlandırılma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər A.Məmmədov adına Uşaq Musiqi Məktəbinin xor kollektivi III dərəcəli diplomla, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi Diplomla təltif ediliblər.

Sonda xatirə şəkilləri çəkilib.